Категория: Elm

Televiziyaların yaratdığı insan


Televiziya mənsub olduğu cəmiyyətin strukturunu formalaşdırır və əks etdirir. Sosiumun mədəniyyətini tənzimləyir və müəyyən edir. Cəmiyyətdə baş verənləri əks etdirən TV bunu mədəniyyət hadisəsinə çevirərək təqdim edir, məişəti ictimailəşdirir, yeni mədəni baxışı meydana çıxarır və generator rolunu oynayır. Eyni zamanda, məişəti ekrana gətirməklə TV sosial fəallığı azaldır, seyrçinin diqqətini məişətə yönəldir, gerçək şou, serial və s. seyrçi qarşısında ictimai məqsədlər yox, məişət rahatlığı məqsədini qoyur, “kim olum?”, “nə yeyim?” suallarına cavab axtarmağa sövq edir. Yeni münasibətlər sistemi və mədəniyyət hadisəsini təqdim edən TV əslində, yeni insan tipini də biçimləndirir. TV adi məişət üzərində oyun qurur və bu oyunu bütün cəmiyyət oynayır. 

Y.Heyzinqanın mədəniyyəti, dini, incəsənəti, hüququ Homo Ludensin əyləndiyi oyun kimi baxması və oyunun insan xislətinin tərkibi olması fikrinin davamı kimi TV-nin də yeni oyun yaratdığını, bu ehtirasla yaşayan insanın bütün diqqətini cəlb etməsi, dolayısıyla onu real aləmdən, real məişətdən uzaqlaşdırması əvəzində illüzial məişət bəxş etməsi ilə seyrçini məhz ekranda olan məişətə çatmaq arzuları ilə yükləyir və seyrçi bu arzuya çatmaq naminə çalışır. Bütün gücünü, bacarığını və fəaliyyətini buna yönəldir, bununla da özünü ictimai-siyasi anlamda passivləşdirir. Yeni TV dövründə (XX əsrin 80-ci illərindən sonrakı dönəm nəzərdə tutulur) yaranan şoular kütlənin, seyrçinin TV prosesində iştirakını daha da fəallaşdırmış, onun tərkib hissəsinə çevirmişdir. Bununla da teatr və kinodan fərqli olaraq “oyun”u daha təbii qurmağı bacarmış, inandırıcı edə bilmişdir. “Bizdən biri” prinsipi təsir gücünə görə effektli və inandırıcıdır. Bu inancı qüvvətləndirən cəhət adi insanların təbiiliyi və aktyorlardan fərqli olaraq baş verənləri olduğu kimi çatdırmasındadır. Televiziya bəzən cəmiyyətdə olanları çatdırmaqla kifayətlənməyərək mif yaratmaqla, onu ustalıqla təqdim etməklə, oyunu davam etdirir və daha da dərinləşdirir. İqtisadi durum TV-nin həyatında böyük rol oynayır. Sovet dönəmində televiziya yayımında mədəni və sosial pedaqoji təbliğatla sovet vətəndaşını yetişdirən TV müstəqilliyin ilk onilliyində yeni, bahalı və ya köhnə kimi əzəmətli telelayihələrə sərmayə qoya bilmədi. Yeni yaranan kommersiya televiziyalarının da buna maddi bazası imkan vermədi. Buna görə də yayımın böyük hissəsini daha asan başa gələn verilişlər, musiqili proqramlar, Latın Amerikasının aşağı səviyyəli serialları tutdu. Bu müddət ərzində yeni TV-dən mədəni-maarif işi görməyən, yeni prosesi qəbul etməyə hazır olmayan seyrçi ordusu yetişdi. Bu ordunun öz submədəniyyəti (elə həmin TV-nin yaratdığı submədəniyyət), öz qəhrəmanları, öz obrazları biçimləndi. Bu obrazların mahiyyətcə ondan əvvəl gələn nəslin kumirlərindən daha bəsit və gülünc olması, daha çox təbliğ olunma imkanının mövcudluğu nəsillər arası TV münasibətlərinə fərqli baxışlar formalaşdırdı. Hətta evdə televizorlarının sayının artması (nəzərə alsaq ki, bu elə də çox deyil) situasiyanı xilas edə bilməzdi. O dönəmdə yeniyetmə olanlar — indi artıq yaşlı nəsil — həlledici məqama çatanda mənfi tendensiyanı görüb etiraza başladı. Lakin artıq gec idi. Nəyisə dəyişdirmək mümkünsüz idi. Üstəlik bizim seyrçi asanlıqla türkcə və rusca bu tip seriallara baxa, ən əsası pop kinosənayenin hər ay təqdim etdiyi yenilikləri görə bilirdi. Yerli kanallar əgər tam fəaliyyətlərini mədəni maariflənmə üzərində qursalar belə gözlənilən nəticə olmayacaq. Heç bir tərzdə bu cür insanları — TV adamını nə kitaba, nə də intellektə hesablanmış proqrama cəlb etmək olmaz. Hazırlıqlı, inkişaf etmiş, ruh və ağıl üçün qida gözləyən seyrçi az tapılandır. Kütləvi seyrçi məhz bu cür adamlara hesablanmış verilişlərə baxmaq istəmir, bunu ağır yük hesab edir, bəzənsə qorxaraq ondan qaçır. TV adamı bu yükü daşımağa hazır deyil. İntellektə hesablanmış verilişlər seyrçini itirir və reklamverici də az baxılan layihələrə sərmayə qoymaq istəmir. Sadə məntiqlə, reklam yığmayan layihələri təkmilləşdirməyə istehsalçının imkanı olmayacaq. Nə texniki cəhətdən, nə də peşəkar personalın cəlb olunmasına vəsait olmayacaq və nəticə etibarilə veriliş aşağı səviyyədə alınacaq. Yüksək ideyalardan, mənəvi məsələlərdən bəhs edən proqramın keyfiyyətsiz təqdimatı mədəni maarifləndirmə və sosial pedaqogika işinə böyük zərbə ola bilər. Zəif veriliş özünün vizual gücünü, görüntü magiyasını itirən verilişdir. Bu isə seyrçini nəinki cəlb edər, hətta onu uzaqlaşdırar. Dünyagörüşündə və alt şüurunda bu mövzuların bəsit təqdimatı nəticəsində mövzunun özünə antipatik münasibət yarada bilər. Kütləvi mədəniyyət əslində folklorun yerini tutdu. Yeni kütləvi mədəniyyət daha rəngarəng olmaqla folkloru tam əvəz etdi və elə folklor kimi öz miflərini, qəhrəmanlarını, dastanlarını (seriallarını), nağıl inanclarını yaratdı və kütləvi surətdə yaydı. TV mədəniyyəti açıq-saçıqlığı və cəsarətliliyi ilə seçilir. 

Məşhur şoumen Lari Kinqin ilk dəfə TV-də etdiyi eksperimentlər çox sürətlə yayıldı və indi bizdə terminləşmiş ifadə “soyunma” dəbə çevrildi. İnsanlar bu tip açıq-saçıqlığı karnavalda, maskanın altında gizlənərək çatdıra bilərdilər. Ancaq indi karnaval estetikası ekrana gələrək bütün gizlədici maskaları cırıb atır və gizlənməyə əsas qoymur. Doğrudur, əvəzində başqa maska-daha şəffaf teleobraz təqdim olunur. Amma bu gizlənmək üçün deyil, sevilmək, şüurlara həkk olunmaq, vizit kartına çevrilmək üçün təqdim olunur. Sosial maska teleobrazın başlıca məqsədidir. Və hər bir obrazın öz keyfiyyətləri, cəhətləri burada əksini tapmaqdadır. Soyunma, açıq-saçıqlıq qədim insanın təbiətinə xas idi, müxtəlif çoxallahlı dini ayinlərdə üzü gizlətməklə soyunmaq, ayini icra etmək, torpağın məhsuldar olması üçün edilən aksiya ilə bərabər insanın gizli hisslərinin tələbatını da ödəyirdi. İndi bu karnaval və ya ayinlər TV-yə transfer etmişdi. Teleyayım zamanı asanlıqla soyunan ulduzlar bunu küçədə edə bilməzlər. Ən azı qanun buna yol verməz. TV şousunun isə öz qaydaları var və bu tip şoular seyrçinin şüuraltı istəklərinə hesablandığından böyük auditoriya toplayır. Auditoriya, qınamağına baxmayaraq, soyunan obyektə baxır və onu diqqətlə izləyir. TV şouda kütlə qanunu işə düşür. Karnavallarda olan kütləvilik ekstaz yaradır. TV şouda da bu ekstaz baş verir. Ulduz bu kütlənin diqqətindən həzz alaraq bir an içində qəhrəman olur. Şou isə öz növbəsində güldürən, heyrətləndirən bir tamaşaya çevrilir. 

Televiziyanın insan inkişafına təsirini müəyyənləşdirmək telearaşdırmada başlıca vəzifəyə çevrilib. Çünki 24 saat yayımlanan, bir qədər də sərhədsiz, hüdudsuz, audio-vizual informasiya axını insanı biçimləndirir. Auditoriyanın tələbatı ilə ötürülən informasiyanın miqdarını və təsir payını ölçməyə çalışsaq, bu mənzərə alınar: şərti olaraq E — informasiyanın təsir effekti, M — TV-nin məqsədi — auditoriyanın informasiya tələbatının ödənilməsi, N — kütləvi auditoriyanın konkret kateqoriyasına TV təsirinin nəticəsi, T — auditoriyanın müəyyən hissəsinin tələbatı, K- kütləvi audio-yayıma ünvanlanmış informasiyanın keyfiyyəti kimi şərti işarələrlə ifadə etsək, aşağıdakı bərabərlik alınar: 

E = N / M = N / T = K / T

Buradan aydın olur ki, auditoriyanın həcminin və keyfiyyətinin artımı auditoriyanın bu informasiyaya olan tələbatını aşağı salacaq. Əksinə, auditoriyanın bu və digər informasiyaya olan tələbatının artımı onun azlığından və keyfiyyətsizliyindən xəbər verir. Tam bərabərlikdən isə söhbət belə gedə bilməz, ona görə ki, auditoriya yekcins deyil və tələbat da həmçinin artandır. İnformasiyanın keyfiyyəti təşkilatı-yaradıcı zəhmətdən, tələbat isə sosial-psixoloji bir mərhələdən keçir. 

A.Mollun təbirincə desək, çağdaş insan öz mədəniyyətini biliklərin məqsədyönlü artırılması yolu ilə deyil, mədəniyyətin ayrı-ayrı elementlərinin axını ilə toplaşan mədəni fəaliyyət prosesindən bəhrələnməklə artırır. Bu sistemli deyil, çoxçeşidli və xaotikdir. Bu isə özü-özlüyündə mədəniyyəti də sistemsiz edir. Bir sahədə novatorluğa meyl edən fərd incəsənətin bir çox növlərində xilas olunmaz mühafizəkara çevrilir. Deməli, incəsənətə və mədəni prosesə münasibəti sistemli deyil, təsadüfi informasiya axını ilə biçimlənib. Mahiyyətcə fərd bu prosesin özünü də anlaya bilmir və kortəbii axına qoşulur. 
M.Makluenin qaynar və soyuq kommunikasiyalar ilə bağlı nəzəriyyəsinə uyğun olan təsnifat apararaq bir hissin davamı olan informasiyanı çatdıran vasitələri (çap, kino, foto, radio) qaynar, verilən informasiyanı yeni məlumat almaq hissini aşılayan, istehlakçının yaşantı, düşüncə və fantaziyasını gücləndirən vasitələri soyuq vasitələr (TV, komiks) adlandıraq. Qaynar vasitələr mütəmadi sirlər yaradır, auditoriyanın iştirakına imkan vermir. Əksinə, soyuq vasitələr isə auditoriyanı fəallaşdırır və veriləni tamamlamağa sövq edir. Qaynar radionun müharibə vəziyyəti yaratmaqdan tutmuş böyük bir ölkənin inqilabi şəraitini sakitləşdirmək gücü var. Radioda söz doqma kimi səslənir və müzakirə olunmur. Televiziyada isə əsas diqqət nitqdə deyil, görüntüdə olduğundan nitq ikinci plana keçərək emosional təsir gücündən məhrum olur. Radioda isə tembr, həyəcan və deyilən söz dərhal yadda qalır, təsir etməyə başlayır. Bu təsir şəksizdir, heç bir şübhə yeri qoymur. Məhz ona görə də bir çox dövlətlər öz ideologiyalarını və ya təlqin etmək istədikləri fikirləri digər ölkələrin ərazisinə açılan radiolar vasitəsilə edirlər. Bu mənada “Amerikanın səsi”, “Azadlıq” radiolarının geniş yayılması üçün qoyulan sərmayələr anlaşılandır. İkinci dünya müharibəsindən sonra soyuq müharibə illərində adı çəkilən radioların sosialist düşərgəsinə olan təsiri nəticə etibarilə SSRİ-nin və Yuqoslaviya kimi dövlətlərin dağılmasında fəal iştirak etdi. Soyuq TV-nin bu qüdrəti və gücü yoxdur. TV – nin gücü görüntüdə olduğundan və yuxarıda deyildiyi kimi mübahisəyə yer verdiyindən onun öz obrazları, öz xarizmatik tələbləri var. Nikson-Kennedi seçki kampaniyasında birincinin radioda sarsılmaz uğuru (tembri, təcrübəsi, inamla danışması), Kennedinin isə cır və inam yaratmayan səsinin ona gətirdiyi məğlubiyyət tele-debatdan sonra vəziyyəti dəyişdirdi. Yöndəmsiz, düz oturmayan, hər dəqiqə corabını dartan Nikson görkəmi cəlbedici, gülərüz, xüsusi əda ilə danışan Kennediyə məğlub oldu. ABŞ-ın prezident seçkilərində ilk tele-debat seçkinin taleyini həll etdi. Seçki texnologiyasında namizədin obrazına uyğun təbliğat qurmaq prinsipi çoxdan tətbiq olunmuş metoddur. Obraz özü soyuqdursa, onu qaynar göstərmək üçün müvafiq rakurs və güclü, emosional, təsirli obrazda şəklin təqdimatı istənilən nəticəni əldə etməyə imkan verir. İlk dəfə bu təcrübə Böyük Britaniyada tətbiq olundu və baş nazir Edvard Hitin qələbəsini təmin etdi. Ancaq həmişə soyuq obrazın qaynar göstərilməsinə ehtiyac duyulmur. Aparıcılar və TV obrazlara da bunu şamil etmək olar. Məhz soyuqqanlılıq və səbrlə davranış TV aparıcısını inandırıcı edə bilər. Onun jestikulyasiyası və mimikası soyuqluq çərçivəsindən çıxmamalıdır. Radio isə əksinə, daha emosional və həyacanlı nitqi sevir. Kinonu izlərkən isə vəziyyət dəyişkəndir. Kinoteatrın effekti ilə TV-də yaranan kinofilmin təsir effekti fərqlidir. Əgər diqqətlə yanaşsaq və sevilən obrazları çeşidləsək, mənzərəni aydın görərik. Teleserial qəhrəmanını seçərkən məhz soyuq görünüş əsas tutulur. “Baharın on yeddi anı”, “Kaybolan yıllar”, “Kurtlar vadisi” və sair teleserialların uğurunu təmin edən baş qəhrəmanı canlandıran aktyorların soyuq görünüşü oldu. TV qaynar fiqurları, qaynar problemləri inkar edir. Mətbuat isə əksinə. A.Hitler zamanında teleçıxışlar etsəydi, rus siyasətçisi Jirinovski kimi hala düşər və tezliklə siyasətdən gedə bilərdi. Amma onun emosionallığını qaynar mətbuat və radio daha da qüvvətləndirdi, qələbəsini təmin etdi. N.Xruşovun ABŞ televiziya vasitələri ilə göstərilən hərəkətləri onu təlxəyə bənzətdi. Halbuki, radio onun xilasına çevrilə bilərdi. TV-nin təbiəti qaynar problemlərə və dəqiq müəyyən olunmuş mübahisəli mövzulara uyğun deyil. O, özü problemi doğmalı, haradasa qaynar olsa da onu soyuqluqla həll etməyə çalışmalıdır. Radioya diqqətlə qulaq asan dinləyicinin içərisinə informasiya partlayışla daxil olur, onu həyəcanlandırır. Yazı mədəniyyəti və yazı vərdişi olan cəmiyyətlərdə radio partlayışın və radio inqilabın olması mümkünsüzdür. Bu, yazı vərdişi və bu vərdişin tarixi qısa olan cəmiyyətlərdə partlayışa səbəb ola bilər.
Musiqi və rəqslə böyük mədəniyyəti, həmçinin siyasi rejimi dağıtmaq mümkündür. Soyuq cəmiyyətlər bundan sığortalıdır. Onlar radioya əyləncə kimi baxırlar. Lakin qaynar cəmiyyətlərdə radio yalnız musiqi verdikdə belə partlayışa səbəb ola bilər. Fikrimizi aşağıdakı misalla əsaslandıraq: ağ linzalı eynək taxan gözün ifadəsi böyüyür və bir gözəl qızda bu eynəyi görüncə ehtiraslana bilərsən. Əksinə, qara şüşəli eynək gözün nə dediyi bəlli olmadığından müəmma yaradır. Bu müəmmada, soyuqluqda insan özü axtarışa çıxır. TV əsas əyləncə vasitəsinə çevrilməklə və reproduktivlik xassəsinə görə öz yerini kifayət qədər möhkəmləndirib. Hər kəs dincliyini sevimli kətili və televizor önündə oturmaqla keçirilən saatda görür. TV əyləncəsinin rəngarəngliyi, seyrçinin yerindən durmadan seçim etmək fürsəti bütün digər əyləncə vasitələrini rəqabətdən çıxarır. Artıq TV hətta idman, rəqs etdirməklə bütün digər meydançaları və rəqs zallarını əvəz edir. Xüsusi idman və əyləncə kanallarına baxan seyrçi oradakı məşqçinin göstərişi ilə evdəki trenajorlarla məşq edə bilir. DVD daşıyıcısının populyarlaşması ilə xüsusi çəkiliş və əyləncə filmlərinin çəkilişi, yemək bişirmək, rəqs, körpəyə qulluğa qədər hər şeyi öyrədir. Dolayısıyla insanı dördbucaqlı qutudan ayrılmağa imkan vermir. Maraqlı cəhət bundadır ki, TV aludəçiliyi aşağı, orta təhsilli insanlara xasdır. Onların gələcək təhsili məlumatlanması və mədəni inkişafı TV-nin diktəsi ilə olur. Yüksək təhsil alan insanlar isə gününü kitab, qəzet, jurnal oxunuşu ilə keçirirlər ki, bu da təbəqələr arasındakı fərqli düşüncə tərzini bir-birindən ayırır. Bu fərq qarşılıqlı dözümsüzlüklərə və gərginliklərə səbəb ola bilər. Və olur da. TV öz mifini, stereotiplərini quraraq ona baxan seyrçinin düşüncəsini öz arzusunda qurur. Politoloq L.Saqal deyir: “Jurnalistlər musiqi bəstələmirlər, ifa da etmirlər, onlar yalnız səsi gücləndirirlər” Bir çox hallarda televiziya yaradıcı işçilərinin nəyi təbliğ etdiklərini, nə dediklərini və bunun sonrakı təsirini qiymətləndirə bilmirlər. Kor-koranə informasiyanı ötürürlər. Teleobraz və onun sosial maskası özü də bilmədən informasiya ötürür, manipulyativ mərhələdə öz payı ilə iştirak edir. Hətta adi bir hadisənin işıqlandırılması zamanı montaj vasitəsi ilə qurulan dramaturgiya müəyyən manipulyativ istiqamətə yönəlir. Reportyor montaj yolu ilə tamam başqa gizli olan informasiyanı ötürə bilər. Bəzən hər TV öz yaradıcı siyasətinə uyğun xəbər vermə metodunu seçir, bununla da eyni bir hadisəni hər TV öz mənafeyinə uyğun şəkildə təqdim edir və manipulyasiya prosesi başlayır. Lakin bu proses elə ustalıqla icra olunmalıdır ki, müəyyən bir fikrin təlqin olunmağı bilinməsin. Amma artıq seyrçi də ustalaşıb. Bu mənada no-comment xəbər blokları daha çox baxılır. Əlavə şərh verilmədən, montaj yolu ilə aksentlərlə zənginləşməyən informasiyanı izləmək daha effektiv sayan seyrçi bununla da özünü manipulyativ təsirdən sığortalamış olur. Amma no-commentlərin də öz fəndləri var. Bu da informasiyanın, görüntünün düzülüşü ilə əldə olunur. TV hadisənin çözümündənsə, onun özünü göstərir. Əsas diqqəti də tələsən iş-güclə məşğul olan insanların üzərinə qoyur. Həm də əyləncənin — əsas gəlir gətirən yayımın vaxtına girməmək üçün xəbər buraxılışlarının yayım vaxtı qısa olur. Xəbər buraxılışlarının quruluşu, şərhlər və icmallar nə düşünmək lazım olduğunu diqtə edir. Bununla da müstəqil düşünmək istəyini öldürür. Gerçək sosial-siyasi-iqtisadi problemlərdən insanı uzaqlaşdırır. 

TV-nin təqdim etdiyi həyat tərzini, davranışı təkrarlamaq seyrçinin əsas fəaliyyətindən birinə çevrilib. Ölüm hadisələri, sui-qəsdlərin yardımı, bu barədə danışılması və bədii nümunələrin göstərilməsi bu cür hərəkətləri tirajlayır. Suisid baş verməsi ilə bağlı xəbərlərin verilməsi bu hadisəni populyarlaşdırır. “Aşkı-məmnu” serialının baş qəhrəmanının özünü öldürdüyü həyəcanlı final bölümündən sonrakı üç ay ərzində ölkəmizdə özünə qəsd edənlərin (xüsusən də sevgi kontekstində) sayı şiddətli artıb və yetmiş səkkiz belə hadisə qeyd olunub. Həmçinin, qısqanclıq zəminində qətllərin sayının artması məhz bu serialın total-psixoloji təsirindən irəli gəlir. Yaxud “Kurtlar vadisi” serialında baş verən cinayətlərin təkrarlanması halları sürətlə artıb. Hətta birinci serialın neçə ailədə problemlər yaratdığını hesablamaq çətindir. Özünü qəsdə cəhd etməyən insanlarda əsəb pozuntusu, dağınıqlıq hökm sürür ki, bu da avtoqəzalara və ya hər hansı ehtiyatsızlıq ucbatından özünə xəsarət yetirməyə gətirib çıxarır. 

Deyilən müddətdə baş verən suisidlərin 3-4 gün fasilələrlə baş verməsini aşağıdakı kimi izah edək: bu birbaşa psixoloji hadisədir. D.Filipsin tədqiqatından məlum olur ki, yeniyetmə qızların arasında özünə qəsddən sonra növbəti hadisə yeddi gün ərzində baş verir. Və bu məlumat yayımlandıqdan sonra 12585 nəfər məhz bu xəbəri eşidib özlərinə qəsd ediblər. Tərəddüd içində olan bir insan kiminsə özünə qəsd etməsi haqda məlumatı oxuyunca bunun yeganə çıxış yolu olduğunu düşünüb oxşar addım atır. Bir növ qəzet və telexəbər onunçün nümunə rolunu oynayır. Psixologiya bu hadisəni Verter sindromu adlandırır. Məhz 1774-cü ildə Hötenin “Gənc Verterin iztirabları” romanı çap olunan kimi Avropada göy flaq, dairəvi şlyapa, sarı jilet, başı qatlanan çəkmələr dəbə minməklə bərabər qarşılıqlı sevgini qazanmayan gənclərin özünü öldürməsi də dəbə mindi. Elə məhz buna görə də roman Avropanın bir neçə ölkəsində qadağan olundu. TV gün ərzində onlarla təlqin obyektini insanlara təqdim edir. Müsbətli-mənfili bu obyektlər cəmiyyətə köçür və hər kəs özünü birinə oxşadır (burada seçdiyi obrazın yaşıd olması olduqca önəmli amildir). Yaponiyada bir müddət öncə bir məktəbli təhsil nazirinə məktub yollayıb məktəbdəki zorakılığa dözməyərək özünü öldürmək istədiyini yazır. Bundan sonra nazir dərhal mətbuat konfransı çağıraraq canlı yayımla məktəblini bu addımdan çəkindirdi və Nazirliyin veb-səhifəsində çağırış yerləşdirildi. Sonradan nazirə ünvanlan məktubların sayı ilə bərabər özünə qəsd edənlərin də sayı artdı. Baş verənlərin qarşısını almaq üçün tədbirlər görülsə də, polis və valideyn müdaxiləsi olsa da heç nə kömək etmədi. Bir il ərzində özünü öldürən məktəblilərin sayı 608-ə çatdı. Mətbuat hansısa bir faktı yazdıqca oxşar hadisələr yenidən vüsət alırdı. Lakin məsələ adiləşəndən və hay-küy səngiyəndən sonra ölümlərin sayı kəskin azaldı. Bir növ KİV məktəbdə qorxudulan uşaqlara gələcək fəaliyyət ssenarisini təqdim edirdi. 

TV həm də yeni model insan yaradıb. Özü də uşaqlıqdan cizgi, uşaq filmləri hesabına yeni insan modeli təqdim olunub. Nəsli, inamı bilinməyən, baxışları emosiyası, tələbatı biçimli, subay, 35-49 yaşları arasında, qida, içki və şəxsi gigiyena qaydalarını digərlərindən daha çox istifadə edən insan tipi məhsulların əsas istehlakçısı, sözə baxan ofis işçisi, evdarlar dönəmini yola salaraq yeni mərhələnin əsasını qoydu. Misal üçün, Stokholmda yerli əhalinin 70 %-i tək yaşayır və ailə qurmaq istəmir. Bu tendensiya bir çox inkişaf etmiş ölkələrdə müşahidə olunur. Böyük Britaniyanın Datamonitor şirkətinin araşdırmaları da bunu sübut edir.

Məhz cizgi filmlərində olduğu kimi onlar ideal istehlakçıdırlar, evli deyillər, ruhsuz kosmopolit kimi xoşbəxtdirlər. “Warner Brothers”, “Walt Disney”, “Metro Golden Mayers” animasiya şirkətləri yeni insan tipinin formalaşması istiqamətində düşünülmüş fəaliyyətlərini ardıcıl şəkildə davam etdirirlər. Uşağını televizorun tərbiyəsinə buraxan valideyn bilmir ki, cizgi filmləri uşağın dünya ilə ilk baxışlarını formalaşdırır və bunu dəyişdirmək mümkünsüzdür. Əgər sovet multiplikasiya sənayesi xoş məram, mərhəmət hissi yaratmaq kimi cəhətləri ön plana çəkirdisə, əksinə, Qərbin yaratdığı qəhrəmanlar qan tökən, savaşqan və fırıldaqçıdırlar. Bu cür qəhrəmanların taleyini izləyən uşaq aqressiv, amansız, bəsit və xəbis böyüməyə başlayır. Audio-vizual tədqiqatçılar Amerika cizgi filmlərini ən qəddar janr kimi dəyərləndirirlər. Bu filmlər bəzən açıq, bəzən isə pərdələnmiş halda oyun biçimi, süjet gedişatı və müxtəlif fəndlərlə ana, qız, qadın obrazlarını dəyişdirir, ona yeni çalarlar verir. Məhz bu cizgi filmlərdə qızlar yüngül xasiyyətləri, nazlı, çoxlarıyla görüşən şəkildə təsvir edilir. Buna baxan qızlar da eynilə bu cür olmağa çalışırlar. Oğlanlar isə artıq alışdıqları bu obrazlarla yaxınlıq etməyə çalışacaqlar və beləliklə, onlar bu tip qızların ailə münasibətlərinə hazır olmadığını görərək subay qalmağa daha çox üstünlük verəcəklər. Bir çox filmlərdə təqdim olunan qız obrazları ailəcanlı deyil, əyyaş həyatı sürmək istəyir. Və bunu azadlıq, müasirlik kimi təqdim edirlər. Uşaq psixikasını dəyişməyə, onu tənha kosmopolit istehlakçıya çevirmək üçün animasiya sehrbazları gözəl fəndlər tapırlar. Burada misal kimi Hollivud istehsalı olan “Çarli Şokolad fabrikası” filmində yaradılan uşaq obrazlarını göstərmək olar. Kompüter oyunlarının tərbiyə etdiyi uşaq amansız, cizgi filmləri ilə böyüyən qız davranışını bilməyən və sairə kimi təqdim olunur. Əslində, burada müasir kinosənaye öz qurbanlarının obrazını təqdim edir. Rəngarəng və əlvan cizgi filmi uşağın diqqətini çəkəcək. Bunu bilən cizgi film yaradıcıları dinamika və əlvanlığa xüsusi diqqət ayırırlar. Və beləliklə, bu cür cizgi filmlərin on ayına qədər uşağın diqqətini çəkməsi də elm tərəfindən sübut olunmuşdur. Cizgi filmlərdə qız qəhrəmanlar az yaşlı olmaqlarına baxmayaraq bədən quruluşları, saç düzümlərinə görə gənc qadınlara bənzəyirlər. Məhz bu özünü böyük kimi görmək istəyən qız uşaqlarını cəlb edir və onlar özlərini bu cür aparırlar. Təbii ki, oğlanlar da məhz belə qızlar arzulayacaqlar. Həmçinin animasiya qəhrəmanlarının jest dili ilə danışmaları seyrçini daha çox cəlb edir. Əgər diqqətlə baxsaq, cizgi qəhrəmanlarının çox hərəkətli danışmasının şahidi olarıq. Fikrin hərəkətli ifadə olunmasını uşaqlar daha asanlıqla qavrayırlar və yadda saxlayırlar. Amerikanın animasiya qəhrəmanları jestin dili ilə daha iti və adi danışırlar, nəinki adi mətnlə. Onların mətni adi, mənasız və söz oyunundan başqa bir şey deyil. Bu jestlərdə erotik duruşlar, qaynar baxışlar, uzun-uzadı öpüşlər, uşağa xas olmayan qucaqlamalar, eyni zamanda, qəzəb, hiddət və nifrət başlıca yer tutur. Uşaq ekrandakı qəhrəmanı sevir, özünü ona oxşadır. Bütün hərəkət və davranışlarını ona uyğun qurur. Bir çox cizgi filmlərində qadınların kişiyəbənzər verilməsi uşaqlarda cinsi fərqi aradan götürə və onların seksual tərbiyəsinə fərqli yönləndirmələr gətirə bilər. Bəzən qızın incəliyini itirib kişi kimi davranması, bəzən isə əsl supermenə çevrilməsi cinsi tərbiyəyə ciddi təsir edə bilər. “Şrek” cizgi filmində gözəl qadın görkəmində əyləncə naminə cinayətə hazır qadın obrazı təqdim olunur. Fionanın nəğmə oxuduğu səhnəni xatırlayarkən ona qoşulan quşun oxuyub ürəyini partlaması, nəticədə yuvada olan yumurtaların yiyəsiz qalması və qəhrəmanın onları qayğanaq kimi görməsi gözəl bir qətlin təsviridir. Filmin yaradıcıları bu səhnəni nəğmə və gülüş sədaları ilə təqdim etsələr də hadisə öz mahiyyətini, cinayət öz simasını itirmir. Əksinə, uşağı gülə-gülə, nəğmə ilə qəddara, caniyə çevirə bilir. Törətdiyi əmələ görə cəzanın çəkilməməsi, vicdan əzabının olmaması daha təhlükəli görünür və yuxarıda söylənilən hissləri daha da dərinləşdirir. Bu cizgi filmində on saniyə ərzində gah Şrek, gah da sevgilisi qurbağanı üfürüb, ilanı dolayıb öldürürlər. Bu zarafatla təqdim edilən qəddarlıq onu seyr edən uşağın alt şüurunda yuva quraraq onun gələcək hərəkətlərini, həyata münasibətini müəyyənləşdirəcəyinə heç bir şübhəmiz yoxdur. 

“Simpsonlar” və bir çox cizgi filmlərində təqdim edilən ana obrazlarının yöndəmsiz, biçimsiz, vaxtından tez qocalmış kimi görünməsi qızların ana olmaq istəyini azaldır və onlarda tərəddüdlər aşılayır. Axı heç bir qız belə yöndəmsiz qadına çevrilmək istəməz. Beləliklə də oğlan ana olduqdan sonra qadının belə hala düşməsi ilə barışa bilməyərək ailə modelinə şübhə ilə yanaşır. Yuxarıda söylənilən qənaətlər illər ərzində sosial – kulturoloji araşdırmalardan sonra üzə çıxmışdır. Çağdaş audio–vizioloji sənət sanki bir şüarı səsləndirir. “Gombul, kasıb eybəcərə çevrilmək istəyirsənsə doğ!” “Gözəl və Qorxunc” cizgi filmində isə mütəxəssislər 25-ci kadr müşahidə ediblər. Bu kadrda gombul, çoxuşaqlı, kasıb ana görünür. Hətta cizgi film yaradıcıları bir az da qabağa gedərək qadağan olunmuş fəndlərdən belə istifadə edir. Bildiyimiz kimi, kinosənayedə 25-ci kadr effekti qadağan olunub. Buna görə hətta bəzi ölkələrdə cinayət məsuliyyəti təqdim edilir. 25-ci kadrı gözlə görmək olmur, amma o ani effektlə şüara müəyyən bir informasiyanı həkk edir. Bu subliminal effekt qadınları ana olmaqdan yayımlamağa yönələn təbliğata işləyir. “BBC WorldWid” 365 seriyalı “Telepuziklər” cizgi filmini 120 ölkədə yayımlayıb. Zahirən guya öyrədici görünən bu cizgi filminin cinsi bəlli olmayan qəhrəmanları cəmiyyətə hansı sosial mesajı yollayırlar? Onların şit hərəkətləri və bunun cəzasızlığı, hansı cinsə mənsub olduqlarının bilinməməsi, guya oğlan olanın qız ətəyi geyinməsi, digərlərinin “Sən nə qəşəng qız oldun” deməsi və buna oxşar sonsuz nümunələr filmin xoşməramlı olmasını şübhə altına alır.
Televiziya yeni mədəniyyət yaratmaqla, yeni obrazlar təqdim etməklə onları həlledici simaya çevirir. Yeni nəsil qlamur aparıcıların nə mahiyyəti, nə şəxsiyyəti heç kəsi düşündürmür, məhz qlamur mahiyyət yaradır və bu parlaqlıq göz qamaşdırır. Seyrçi bu qlamurdan geyim tərzi, saç düzümü, makiyaj və sairə köçürərək onlar kimi olmağa çalışır. Çağdaş televiziya məkanında bir neçə qlamur qadın obrazı seyrçiyə təqdim olunur. 

— Zoluşka — həyatın dibindən gəlib ulduz olmuş bir obraz;

— Qadın-ana — özünün və uşaqlarının həyatını öz istədiyi kimi qurmaq istəyən bir obraz;

— Qadın-avantürist — kişilər kimi macəralara qoşulan, işdən iş çıxaran obraz;

Seyrçilərə təqdim olunan qlamur kişi obrazlar:

— Aşina-qəhrəman — bu əslində super qəhrəmandır;

— Qəddar kişi – qəzəbli, hirsli və xeyirxah olmayan intellektli obraz;

— Meşşan — daha çox hisslərdən məhrum olan, dayaz, şit danışaraq maraqlı və intellektual görünmək istəyən obraz.

Televiziya postfolklor yaradır. Postfolklorsa özünün qəhrəmanlarını-teleobrazları təqdim etməklə identifikasiya basmaqəliblərini sərgiləyir. Nəticədə hər kəs bu qəhrəmanlara oxşamaq istəyir, real həyatdan ayrılır və bu həyatın gözlənilməzliklərinə duruş gətirə bilmir. Bu, depressiya, stress, diskomfort yaradır. İnsan özünü daha çox vakuumda hiss etməyə başlayır. 

Postfolklor təkcə obrazları deyil, həm də davranış münasibətlər sistemini idarə edir. O, sosial reallıqların bütün parametrlərini təqdim edir və bunun çərçivələri insanın sonrakı davranışlarını tənzimləyir. Postfolklor özünün ifadələrini və dilini yaratmaqla texniki, o cümlədən əcnəbi sözlərin qarışığından yeni ünsiyyət leksikonu ortaya qoymuş olur. Televiziyanın gücündən istifadə edərək postfolklor qəhrəmanlarını al-əlvan, olduğundan gözəl və ancaq müsbət tərəfləri ilə təqdim etdiyi üçün xüsusi çalarlarla sevdirə bilir. Folklor tövsiyə və ya forma təqdimatı idisə (yas mərasimi, toy, uşağa baxmaq və s.) postfolklor diktə edir. Burada hər bir fərd iştirak etməklə öz yozumunu təqdim edə bilməz. Onun nə düşünməyə, nə də öz təsvirini verməyə imkanı qalmır. Beləliklə, hər şey onun üçün hazır təqdim olunur. TV hazır evdar qadın, ana, bacı, qaynana modelini biçib istifadəyə verir, hər kəs onu “əyninə geyinir” və bütün yaşam tərzini bunun əsasında qurur.

TV personajları bizim etmək istədiyimiz bir çox əməllərə əl ata bilir. Bəzən bizim edə bilmədiyimizə cəsarətlə əl atır. İnsanın çərçivəyə salan mənəvi qadağalar teleobrazlar üçün mövcud deyil. Biz həvəslə baxırıq necə telepersonaj xəyanət edir, sevgi macəraları yaşayır, rəhbərini söyür və s. Ekran qarşısında oturan seyrçi öz etmək istədiyini telepersonajın ifasında görüncə həzz alır və bu həzzə görə olan cəzasızlıq telepersonajı daha çox sevdirir. “Nə yaxşı etdi”, “nə yaxşı dedi” təskinliyi ilə telepersonaj seyrçinin dostuna çevrilir. TV baxışın emosional tərəfini daha da şiddətləndirən kollektiv seyrdir. İdman yarışına, qorxu filminə baxanda yaranan kütləvi emosiya tək baxanda yaranmır. Bu teleobrazın taleyini izləyincə də baş verir. Seyrçi kollektiv surətdə baxanda gördüyünə, ondan alacaq həzzinə sanki şərik axtarmaqla əməlinə haqq qazandırmış olur. TV-nin emosiyalarla oynayaraq obrazlarını seyrçinin şüuraltı istəklərinə uyğun hərəkət etməsi seyrçiləri yoluxdurur və informasiya infeksiyası yaradır. Seyrçi yoluxaraq TV-də gördüyü obraz kimi yaşayır, düşünür, onun əldə etdiyinə çatmaq istəyir. Bu infeksiya daha çox TV-yə baxan insanları yoluxdurur. Onun təsir gücünə uşaqlar, qocalar daha tez düşür.

Serialların uzun-uzadı olması teatr və kino şərtiliyindən fərqlənən kino şərtilik modelini ortaya qoyur. Seyrçi serial şərtiliyini gerçək kimi qəbul edir. Uzun-uzadı söylənilən yalanın gerçək kimi qavranılmasına bənzəyən bu proses teleyaşam tərzi yaradır. Seyrçinin özünü teleqəhrəmana uyğunlaşdırma prosesi teleproqramda emosional iştirakını təmin edir. Seyrçi ona daha yaxın olan qəhrəmanı sevir, onun kimi olmaq istəyir. TV-nin empatiyası, yəni “bunu biz etsəydik, bu qədər həzz almazdıq” hissi gözlənilməz sonluqla, situasiyanı anlamadığı təqdirdə seyrçiyə daha qüvvətli təsir edir. Əgər seyrçi finalı və situasiyanı qəhrəmandan çox bilərsə empatiya zəif olar. İdman yarışı və komediya daha empatikdir. Seyrçi özü idmanda olsa və ya gülməli vəziyyətə düşsə telebaxışdan aldığı həzzi ala bilməz. Eyni zamanda, idman yarışına təkrar baxmaq mümkün deyil. Komediyaya isə təkrar baxmaq mümkündür. Çünki oradakı qəhrəmanlar artıq seyrçiyə doğmalaşıbdır. Reklam arakəsəmləri və görüntü keyfiyyətsizliyi empatiya prosesini zəiflətdiyindən daha çox üstünlük yazı və DVD formatında baxışa verilir.

İlk baxışda TV ətrafda baş verənləri işıqlandıran, informasiya buraxılışlarında bu gün olanları təqdim edən vasitə hesab olunur. Komediyada müxtəlif təbəqələrin dəyərləri, həyat tərzləri; melodramda məişət özəllikləri, cinayət hadisələrinin göstərilməsi, kamil olmayan həyatın təsiri; reklamda isə tələb və arzuların ifadəsi baş verir. Yəni, televiziya həyat gerçəkliklərinin müxtəlif spektrlərini inikas etdirir. Amma informasiya buraxılışlarında hansısa xəbər önə çıxmazsa, xüsusi vurğulanmazsa seyrçi onu əhəmiyyətsiz sayar. Komediya göstərənlər detalları həyatdan götürür, o cür olur. Melodramın toxunduğu məsələ isə seyrçini sonradan maraqlandıraraq onun diqqətini çəkir. Seyrçi cinayət hadisələrinə baxdıqca həyatın amansızlığına inanır. Reklamsa tələbatın elə tərəflərini açır ki, seyrçini heç ağlına belə gəlməzdi. Bununla da TV ayrı-ayrı janrlardan bir həyat mozaikası qurur. Riçard Harisin təbirincə desək, TV dünyanı qurur, seyrçi isə onu reallıq kimi qəbul edir. Yuxarıda söylənilənlərdən belə qənaətə gəldik ki, televiziya gerçəyi əks etdirmir. Özü gerçək qurur və seyrçini buna inandırır. Bu irreal dünya elə reala çevrilir ki, bir müddətdən sonra seyrçi onu adi gerçəkdən ayıra bilmir. Seyrçi TV şərtiliyini anlayır. O bilir ki, gördüyü gerçək deyil, şərtilik var. Lakin tədricən şərtilik sərhədlərini silir, yaddaşlarda gerçək kimi qalır. TV öz obrazları vasitəsilə insanı reallıqdan ayırır, onu uydurulmuş dünyanın sakini edir və yeni qaydalar yaradır. Bu qaydalar adətlərdən xeyli fərqlənir. Xalqlar surətlə qloballaşırlar. Daha mental fərq, adət fərqi nəzərə çarpacaq dərəcədə olmur və M. Makluenin qlobal kənd modeli artıq gerçəyə çevrilir. 

Cəmiyyətin, iqtisadi çətinliklərin, sosial problemlərin təzyiqi ilə əyilən, özünü gücsüz hiss edən seyrçi üçün döyüşkən, haqq uğrunda savaşan, haqq-hesab çürüdən obrazı seyr etmək yaşantısı xüsusi həzz verir, onun gərginliyini boşaldır. Ekzotik görünüş, sevgi, romantika və tük ürpədici döyüş boz gerçəklikdən insanı uzaqlaşdırmaqla sosialı fəallığı da azaldır. Yeni mənəvi dəyərlər sistemi yaradır və seyrçini bu sistemə tabe etdirir. Detektiv janrı daha çox dopinq, qavramanı stimullaşdıran qəhrəman kimi çıxış edir. Onun nəql fəndləri, süjet və personajları sevdirir. Standart araşdırma istintaq formaları yorucu olmur, əksinə psixoloji təsiri daha da gücləndirir. Detektivin qanunu öz əlinə alıb haqqın bərpası üçün çalışması ətrafda olan haqsızlığa cavab kimi qavranılır. Kriminal və mafiya həyatından bəhs edən serialda haqqın təntənəsi ilə bərabər, pulu olmayan, qaçaqmalçılıqla məşğul olmayan orta statistik seyrçiyə bu adi, açmasını gözlədiyi əhvalat kimi maraqlıdır. Bir cəhət də qeyd olunmalıdır ki, bu tip seriallarda polis və ya istintaq məmuru obrazı bu sahədə çalışanlar üçün etalona çevrilir və onun kimi geyinmək, davranmaq, aksessuar seçmək vərdişi yaranır. Azərbaycanda “Qurdlar Vadisi” serialından sonra bir sıra hüquq işçilərinin geyiminə, davranışına, avtomobilinə fikir versək, bu təsiri görə bilərik. Bu eyniləşdirmə həm də seyrçinin bədii zövqünün dolğun olmaması ilə izah oluna bilər. Mütaliənin azlığı, incəsənət növləri ilə maraqlanmamaq və TV-də özünü oxşatmaq istədiyi obrazın tapılması onun işini asanlaşdırır. Andre Arkott belə qənaətə gəlib ki, publika gülmək, ağlamaq, qorxmaq və sarsılmaq istəyir. Serialda olan sevgi intriqası, qısqanclıq, xəyanət, şübhə seyrçinin gizli hisslərini, yasaq duyğularını şüuaraltı instinktlərini, istəklərini ödəyir. Seyrçi gizli hissini reala çevirən qəhrəmanın taleyini diqqətlə izləyir, onu sevir. Əsasən seriallar qadın auditoriyasının yasaq hisslərini canlandırır. Bu seriallar ədəbiyyatın bir qolu olan qadın romanlarının janr təbiətinə uyğun olan “heppi end”lə bitməklə onlarda ümid yaradır. Əks halda, qadınlar üçün ciddi əsəbi pozuntu, stress, hətta özünə daha kəskin addımlar atmağa vadar edən psixoloji durum yarana bilər. Qadın romanlarını seriallar öz dinamikası, rəngarəngliyi və ən əsası işdən ayrılmadan seyrə imkan verməsi ilə üstələdi, əvəz etdi. Serialın möhkəm əsasları TV-nin gündüz saatlarında, evdar qadının baxacağı vaxtda özünə yer tutmasına imkan verdi. Qadın saatı anlayışı bir qədər dəqiq olmasa da, ümumi mənzərə belədir ki, onlar 14.00 -a qədər bütün işləri görüb qurtarırlar. Bu müddətdə televizor onlara qulaq yoldaşı olur və bu saatlarda görüntü yox, audio informasiya üzərində qurulan verilişlər yayımlanır. Məsələn, faydalı məsləhətlər, mətbəx, sağlamlıq verilişləri və sairə. Saat 14.00-dan 19.00-a qədər qadının daha çox dincəliş vaxtı hesab olunduğundan bu müddətdə serialın yerləşdirilməsi daha effektiv ola bilər. Azərbaycan teleməkanında serialın yayım vaxtı (söhbət həftə içi yayımlanan serialdan gedir) saat 19.00– 21.00 seçilib ki, bu da ailələrdə artıq mübahisələr yaradır. Kişilər evə dönüncə qadının seriala baxmasından narazı olur və getdikcə kişi serialı qadının diqqətini çəkən rəqibə bənzədir. Məhz bu yöndə bir çox məşhur kişilər seriallar əleyhinə danışaraq onları milli-mənəvi dəyərlərə zidd olmaqda günahlandırırlar. Yəni qısqanclıq dəyərləri dağıdan vasitə kimi əsas verir. Əslində isə serialın təhlükəli tərəfi tamam başqadır və bunun əsaslı tədqiqata ehtiyacı var. Bu sahədə ciddi araşdırmaların aparılması fərqli nəticələr verə bilər. Tədqiqatçılar L.Vorner, U.Henri hesab edirlər ki, serialların seyrçiləri aşağı, orta təbəqənin qadınlarıdır. Serial qəhrəmanlarının varlı və ya orta varlı insanlardan ibarət olması, həm də bu qadınların xəyalı – təcəssümü kimi çıxış edir. 45 dəqiqə ərzində evdar qadın öz seçdiyi qəhrəmanın cildinə girib, imkanlı həyatın gözəlliyindən həzz alır. Evdar qadının gündəlik həyatı yeknəsəq, yorucudur, təcrübəsi ailədə gördüyüdür və onun dünyadan qırağa çıxması real deyil. Serial isə onun görmədiyi dünyanı ona göstərərək tamam yeni mühit və şəraitə salır. Beləliklə, evdar qadın bundan psixoloji güc alır. Ekranda ailə faciəsini görüb bu olayın ondan yan keçdiyinə də sevinir. Serial qorxutma və təskinlik yolu ilə məhz aşağı, orta təbəqələrin nümayəndələrinə “Kasıb, lakin sakit yaşamağa davam et!” fikrini təlqin edir, onu sosial-siyasi baxımdan passivləşdirir. B.Norman serialı sentimentallaşdırılmış, romantikləşdirilmiş həyatı əks etdirən vasitə kimi dəyərləndirir. 

TV-nin emosional təsirini gücləndirən başqa amili də qeyd edək. Seyrçi kinoteatr və konsert zalında müəyyən emosional duruma düşdükdən sonra evə qayıdır, özünə gəlir, yükünü boşaldır. Ancaq televizor evdədir və o, seyrçini öz təsirinə salır. Seyrçinin bu təsirdən xilas olması çətinləşir. Əgər bu seyr təklikdə baş verirsə, onda uzun müddət aldığı emosional təsir insanı tərk etmir, psixikasını zədələyir. Bu tip təsir daha çox uşaq və yeniyetmələrdə özünü büruzə verir.

İdeallarını itirən, şüurun gücünə güvənməyən, əzilmiş, öz yaratdığı texnika ilə simasını itirən bədbəxt və çağdaş insan özünə mənəvi dayaq axtarır, oxşarlarını tapmaqla onlarla bərabər olmaq istəyir. Mənəvi məsuliyyətdən uzaq olmaq üçün mistika axtarışına çıxır. Anlayır ki, baş verənlərin adi izahı yoxdur və nicat yalnız mistik aləmdədir. TV bu mistikanı, yeni inancları ustalıqla təqdim edir. Seyrçi o qədər emosiyaya öyrəşib ki, artıq tarixi filmlər də məhəbbət intriqası, saray çəkişmələri, macəralar yolu ilə təqdim olunur. Müasir televiziya nəzəriyyəçilərinin qənaətinə görə, məhz bu fəndlər yolu ilə kütləvi seyrçiyə tarixi və elmi bilikləri çatdırmaq olar… Eskerizm – həqiqətdən qaçış auditoriyanın gerçəyi unutmaq istəyi ilə bağlıdır və TV gerçəkdən qaçmaq istəyən müasir insan üçün yaxşı nəqliyyat vasitəsi oldu. Uydurulmuş aləmə salmaq yolu ilə irreal, mifik aləmdə seyrçinin mutluluğunu təmin edə bildi. Yuxarıda söylədiyimiz kimi, bu illüziya həmişə “heppy end”lə bitməlidir. Əks halda, seyrçi özünü aldadılmış sanacaq. Xoşbəxt sonluğu olmayan serial ümidləri puç edərək depressiv situasiya yaradır. İnsanın açar deşiyindən qonşunu güdmək gizli istəyi kimi serial vasitəsi ilə gerçəkləşir. Məişət məntiqinin çatdırılmasında seyrçinin tam diqqətini cəlb etmək serial qarşısında əsas vəzifə kimi durur. Məhz diqqəti cəlb etmək yolu seyrçini öz təsiri altına salmaq imkanı verir. Süjetin sadəliyi, hadisənin məişətçiliyi seyrçini cəlb edir, onu ekrana bağlayır. Bu əyləncənin kökündə anti-inlellektualizm durur. Serial düşünməyə imkan verməyərək, intellektə şübhə ilə yanaşaraq ondan ehtiyatlı olmağı təlqin edir. 
TV müasir insanı həmişə nəyisə almağa çağırdığından onu özünə inandırmaq üçün maraqlı olmağa çalışır. Bu alış-verişdən mutlu olan seyrçi TV-ni öz dostu, yolgöstərəni kimi təqdim etdi. TV öz qəhrəmanını sevdirir, seyrçi isə sevdiyi qəhrəmana bənzəmək üçün bu cür geyinir, bu cür yaşayır. TV yeni dəb yaradır. Seyrçini də bu dəblə yaşamağa sövq edir. Qəhrəmanın çatdığı nöqtəyə çatmayan seyrçi aksessuar və geyim vasitəsilə öz istəklərini təmin edir. Serialın bədiiliyi, obrazların təbiiliyi seyrçini inandırır və manipulyasiya üçün münbit şərait yaratmış olur. 
Обсудить у себя 0
Комментарии (0)
Чтобы комментировать надо зарегистрироваться или если вы уже регистрировались войти в свой аккаунт.
купить лайки
elchinalibeyli
elchinalibeyli
Был на сайте никогда
Читателей: 0 Опыт: 0 Карма: 1
все 0 Мои друзья